Türkiyə Respublikasının Qafqaz Universitetinin qida məhsulları ixtisası üzrə müəllimi, dosent Güvən Gülbaz Lənkəran Dövlət Universitetində sözügedən ixtisas üzrə dərsləri tələbələrə 1 ay müddətinə tədris edəcək.
Türkiyəli alim LDU ilə Qafqaz Universiteti arasında 2017-ci ilin noyabrında bağlanmış müqavilənin şərtlərinə əsasən, müəllim mübadiləsi proqramı çərçivəsində universitetə gəlib.
Hazırda dosent Güvən Gülbaz LDU-da Qida məhsulları mühəndisliyi ixtisası üzrə təhsil alan tələbələrlə birgə istehsalat təcrübəsində iştirak edir, tələbələrə təcrübi dərslər, praktiki məşğələlər keçir.
Qida Təhlükəsiziliyi Agentliyinin Lənkəran filialında keçirilən dərslərdə laborator qurğularının iş prinsipi, ərzaq məhsullarının analizının laborator şəkildə aparılması, müayinəsi, nəticələrin müqayisəli təhlili və s. barədə tələbələrə ətraflı məlumat verilir, əyani şəkildə göstərilir.